İranda mərhum ali lider Əli Xameneyinin vida mərasiminin işıqlandırılması ilə bağlı dövlət mediasına və media qurumlarına vahid informasiya qaydaları tətbiq edilib.
Army.az xəbər verir ki, bu barədə “Əş-Şərq Əl-Əvsət” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İran hakimiyyəti Tehrandan Məşhədə, eləcə də Nəcəf və Kərbəlaya qədər uzanması nəzərdə tutulan genişmiqyaslı mərasimlər üçün təhlükəsizlik, logistika və informasiya baxımından hazırlıq işləri aparır.
Məlumata əsasən, dövlət media orqanlarına mərasimlərin hakimiyyətin davamlılığı, rejimin birliyi və “müqavimət” siyasətinin davamı kimi təqdim edilməsi barədə göstəriş verilib. Eyni zamanda, rəsmi xəttə zidd olan məzmunun yayılmaması tələb olunur.
Bildirilib ki, mediaya xarici nümayəndə heyətlərinin iştirakı, İranın diplomatik fəaliyyəti və hərbi potensialı kimi mövzulara daha çox diqqət yetirmək tapşırılıb. Bunun əksinə olaraq, mümkün varislik müzakirələri və ya hakimiyyət daxilində fikir ayrılıqları ilə bağlı məlumatların yayılmasından çəkinilməsi göstərişi verilib.
