ABŞ dövlət katibi Marko Rubio İranı regionda münaqişələrin başlıca səbəbi və sülhün əldə olunmasına mane olan əsas amil adlandırıb.
Army.az xəbər verir ki, o, bu fikirləri “Breitbart” nəşrinə müsahibəsində səsləndirib.
Rubionun iddiasına görə, İranın regiondakı təsiri olmasaydı, Fələstin məsələsinin həlli daha asan olardı.
ABŞ-ın baş diplomatı, həmçinin Vaşinqtonun İranın hərbi imkanlarına ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, ölkənin hərbi dəniz və hava qüvvələri, eləcə də raket və pilotsuz uçuş aparatları istehsal edən müəssisələri hədəfə alınıb. Rubio İranın geniş ərazilərinin mümkün yeni hücumlar qarşısında müdafiə imkanlarının zəiflədiyini iddia edib.
Dövlət katibi Hörmüz boğazı ilə bağlı da açıqlama verərək İranın bu strateji su yoluna nəzarəti itirdiyini söyləyib. Onun təqdim etdiyi məlumatlara əsasən, son 10 gün ərzində boğaz vasitəsilə gündəlik orta hesabla 13–14 milyon barel neft daşınıb.
