Rusiya xarici tərəfdaşlarla döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair yeni müqavilələr bağlayıb.
Army.az xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru, Rusiya Maşınqayıranlar İttifaqının sədr müavini Aleksandr Mixeyev məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın sifariş portfelində müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi ən yeni hərbi texnika nümunələri yer alır. Siyahıya beşinci nəsil Su-57E qırıcıları, İl-78MK-90A yanacaqdaşıyan təyyarələri və Yak-130M təlim-döyüş təyyarələri daxildir.
Müqavilələr çərçivəsində hava hücumundan müdafiə vasitələri və atıcı silahların tədarükü də nəzərdə tutulur.
Mixeyev bu məlumatı sentyabrın 8-dən 10-dək Misirin Əl-Alameyn şəhərində keçiriləcək “El Alamein International Airshow 2026” beynəlxalq aviasiya-kosmik sərgisi ərəfəsində açıqlayıb. Tədbirin Əl-Alameyn Beynəlxalq Hava Limanının ərazisində keçiriləcəyi bildirilir.
