Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Gürcüstan hökumətləri arasında hər hansı fikir ayrılığı və ya gərginliyin olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Kobaxidze jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı bəyanatına münasibətini şərh edib.
Baş nazir iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu vurğulayıb:
“Bizim aramızda heç bir gərginlik yoxdur. Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz var. Məhz bu münasibətlərə əsaslanaraq bütün məsələləri rahat şəkildə müzakirə edə bilirik. Gürcüstan və Azərbaycan hökumətləri arasında gündəmə gələn bütün mövzular dostluq şəraitində nəzərdən keçirilir”.
