TRIPP marşrutu Gürcüstan ərazisindən keçən mövcud nəqliyyat yollarına rəqib deyil və Orta dəhlizin imkanlarını genişləndirə bilər.
Army.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının “Açıq efir” proqramında deyib.
Onun sözlərinə görə, Tbilisi yeni marşrutu Gürcüstanın nəqliyyat sisteminə alternativ və ya rəqib kimi qiymətləndirmir. Baş nazir hesab edir ki, regionda yükdaşımaların artması müxtəlif nəqliyyat istiqamətlərinin inkişafını zəruri edir.
Kobaxidze qeyd edib ki, 2020-ci ildən bu yana Orta dəhliz üzrə yük dövriyyəsi təxminən yeddi dəfə yüksəlib. Onun fikrincə, bu dinamika nəqliyyat marşrutlarının şaxələndirilməsinə ehtiyac olduğunu göstərir:
“TRIPP bizim marşrutumuz üçün rəqib deyil. Əksinə, Orta dəhlizdəki mövcud tendensiyaları nəzərə alsaq, onu tamamlayan istiqamətə çevrilə bilər”.
Baş nazir əlavə edib ki, TRIPP və ya digər yeni nəqliyyat layihələrinin Gürcüstan ərazisindən keçən ənənəvi marşrutlar üçün ciddi problem yaradacağını düşünmür.
