Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada hərbi əməliyyatların dayandırılmasının və sülh danışıqlarına başlanmasının vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, Tokayev bu barədə Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Qazaxıstan lideri məsələ ilə bağlı şəxsi mövqeyini Rusiya Prezidenti Vladimir Putinlə də bölüşdüyünü bildirib. O, Putinin mövqeyini anlayışla qarşıladığını deyərək, dövlət başçılarının Ukraynada hərbi əməliyyatların dayandırılmasında maraqlı olduğunu qeyd edib.
“Mən Prezident Vladimir Putinə bu məsələ ilə bağlı şəxsi mövqeyimi böyük anlayışla qəbul etdiyinə görə təşəkkür edirəm. Çünki hamımız – dövlət başçıları – Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”, – deyə Tokayev bildirib.
Tokayev Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmət bəslədiyini də vurğulayıb.
Bununla yanaşı, Qazaxıstan Prezidenti hazırkı şəraitdə müharibənin dərhal başa çatdırılmasının real olmadığını düşündüyünü deyib.
Qeyd edək ki, Tokayev daha əvvəl Putinlə görüşü zamanı da Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi.
