Yaponiya hökuməti Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsini gündəmə gətirib.
Army.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Tokio Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlamaq imkanını nəzərdən keçirir.
Məlumata əsasən, Avropa İttifaqı ölkələrinin Moskva üzərində sanksiya təzyiqini son vaxtlar artırması Yaponiyanın da analoji addımlar atmasına təsir göstərə bilər. Mümkün yeni tədbirlər çərçivəsində Rusiyanın neft daşımalarında istifadə etdiyi və “kölgə donanması” kimi tanınan gəmilərə qarşı məhdudiyyətlərin tətbiqi də müzakirə olunur.
Bununla yanaşı, Tokio Rusiyaya ixracla bağlı mövcud məhdudiyyətlərin genişləndirilməsi və nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsi variantlarını da nəzərdən keçirir.
Yaponiya Rusiyaya qarşı son sanksiya paketini 12 sentyabr 2025-ci ildə, Şiqeru İşibanın baş nazir olduğu dövrdə tətbiq edib. Hazırkı baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi hökumət isə indiyədək Rusiyaya qarşı yeni sanksiyalar elan etməyib.
