Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüş zamanı Hörmüz boğazında gəmiçiliyin yenidən təhlükəsiz və sərbəst şəkildə təmin olunması üçün birgə addımlar atılması barədə razılığa gəldiklərini açıqlayıb.
Army.az xəbər verir ki, Makron bu barədə Trampla görüşünün nəticələrinə həsr olunan açıqlamasında danışıb.
Fransa liderinin sözlərinə görə, Paris və Vaşinqton enerji bazarlarında yaranmış gərginliyin səngidilməsi, Yaxın Şərqdə mühüm infrastrukturun təhlükəsizliyinin təmin edilməsi və Hörmüz boğazında dəniz nəqliyyatının sərbəstliyinin bərpası məqsədilə fəaliyyətlərini əlaqələndirəcəklər.
Makron, həmçinin Ukraynanın enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin dayandırılması ilə bağlı moratoriumun əldə olunması istiqamətində birgə iş aparılmasının nəzərdə tutulduğunu bildirib. O, Donald Trampla keçirdiyi görüşdə bu məsələnin də müzakirə edildiyini təsdiqləyib.
