Ukrayna hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Avropa İttifaqına yeni maliyyə müraciəti ünvanlayıb. Kiyevin tələbi çərçivəsində, o cümlədən Patriot kompleksləri üçün raketlərin alınması nəzərdə tutulur.
Army.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen NATO-nun baş katibi Mark Rütte ilə görüşdən əvvəl məsələ ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, Avropa İttifaqı Ukraynadan yeni maliyyə sorğusu alıb. Söhbətin hava hücumundan müdafiə sahəsindəki ehtiyacların qarşılanması üçün bir neçə milyard avroluq vəsaitdən getdiyi qeyd olunub.
Fon der Lyayenin sözlərinə görə, Kiyev xüsusilə yüksək texnologiyalı Patriot PAC-3 sistemləri üçün maliyyə dəstəyi istəyir.
Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ-yə üzv dövlətlər hazırda Ukraynanın müraciətini nəzərdən keçirirlər. Onun ifadəsinə görə, proses müsbət istiqamətdə irəliləyir.
