Serbiya Prezidenti Aleksandr Vuçiç dünyada “böyük müharibə” təhlükəsinin artdığını bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vuçiç “Axel Springer” media konserninin İdarə Heyətinin sədri Matthias Döpfnerin podkastında çıxışı zamanı ölkələrin belə bir müharibənin qarşısını almaq üçün heç bir real addım atmadığını deyib:
“Mənə elə gəlir ki, biz böyük müharibənin astanasındayıq. Məhz buna görə ümid edirdim ki, kimsə artıq bunun qarşısını almaq üçün addımlar atacaq. Lakin bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha ciddi bir hadisənin astanasındayıq”, – Vuçiç bildirib.
Onun fikrincə, qarşıdakı beş il ərzində dünyanın aparıcı dövlətləri daha müstəqil siyasət yürütməyə və xarici qüvvələrdən asılılığı azaltmağa çalışacaqlar.
