Şimali Koreyanın raket qüvvələri yeni tip silah sistemini sınaqdan keçirib.
Army.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaqlar sentyabrın 20-də həyata keçirilib. Yeni silahın texniki xüsusiyyətləri və digər detalları açıqlanmayıb. Şimali Koreya lideri Kim Çen In sınağı şəxsən izləyib və bunu ölkənin müasir müdafiə texnologiyalarının nümayişi kimi qiymətləndirib.
Kim Çen In yeni sistemi “qarşısıalınmaz güc” adlandırıb. Onun sözlərinə görə, sınaq müdafiə sahəsində ən müasir texniki imkanların nümayişi olmaqla yanaşı, ölkənin silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə yeniləndiyini göstərir.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreya Silahlı Qüvvələrinin Yapon dənizi istiqamətində ballistik raket buraxdığını açıqlamışdı.
Məlumata görə, raket təxminən 450 kilometr məsafə qət edib.
