Polşa Ukrayna ilə sərhədyanı ərazilərdə hərbi imkanlarını gücləndirməyə hazırlaşır. Bu məqsədlə Lyublin vilayətinə yeni hərbi bölmələrin, “Abrams” tanklarının və “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.
Army.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.
Nazirin sözlərinə görə, bir neçə həftə əvvəl Lyublin vilayətində “Patriot” batareyalarının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib. O, bölgəyə səfər edərək burada yerləşdirilən və ərazinin müdafiəsini təmin edən hərbçilərlə görüşəcəyini bildirib.
“Lyublində ilk dəfə “Patriot” batareyaları yerləşdirilir”, – deyə Kosinyak-Kamış qeyd edib.
O əlavə edib ki, bölgədə Polşa Silahlı Qüvvələrinin hərbi bölmələrinin sayının artırılması da nəzərdə tutulur. Plan çərçivəsində yeni mexanikləşdirilmiş briqadanın yaradılması, həmçinin dron briqadası, bir batalyon və “Patriot” sistemləri ilə təchiz olunacaq əlavə hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsi planlaşdırılır.
