Litva hakimiyyəti mümkün müharibə şəraitində dövlət qurumlarının fəaliyyətini fasiləsiz davam etdirməsi üçün hazırlıqlara başlayıb.
Army.az xəbər verir ki, bu barədə Litva Seymi sədrinin müşaviri Saulyus Stripayka məlumat verib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin gedişi təhlil edildikdən sonra parlament sədrinin təşəbbüsü ilə qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb. Yeni qaydalar müharibə və ya digər səbəblərdən dövlət idarələrinin normal fəaliyyət göstərə bilmədiyi vəziyyətlərdə hakimiyyət strukturlarının işinin davam etdirilməsini nəzərdə tutur.
Stripayka bildirib ki, bu prosesdə əsas vəzifə Silahlı Qüvvələrin və rəhbərliyin mühafizəsi üzrə xidmətin üzərinə düşəcək.
Onun sözlərinə görə, konkret fəaliyyət planlarını hərbi komandanlıq və mühafizə xidməti hazırlamalıdır. Əsas məsələlərdən biri isə hakimiyyət nümayəndələrinin təxliyə edilməsinə ehtiyac yaranacağı təqdirdə onların fəaliyyətini davam etdirə biləcəyi alternativ məkanların əvvəlcədən müəyyənləşdirilməsidir.
