Fransada ötən həftəsonu baş verən kütləvi etirazların iğtişaşlara çevrilməsi Prezident Emmanuel Makronun Avropa Şurası çərçivəsindəki siyasi mövqelərinə mənfi təsir göstərib.
Army.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Avropa İttifaqından olan bir diplomat nəşrə açıqlamasında bildirib ki, Fransadakı hadisələr Makronun fəaliyyət imkanlarını məhdudlaşdırır.
Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq genişmiqyaslı aksiyalar keçirilib. Təşkilatçıların hesablamalarına əsasən, nümayişlərdə 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının sayının 550 min olduğunu açıqlayıb.
Ölkənin bəzi şəhərlərində etirazlar qarşıdurmalarla müşayiət olunub, nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Fransanın daxili işlər naziri Loran Nunes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib. O, talan və qarət hadisələrində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
