Ermənistan rəhbərliyi ölkənin tarixi və dini kimliyinin əsas dayaqlarından biri hesab olunan Erməni Apostol Kilsəsinə təsir imkanlarını artırmağa çalışır. Bu proses hakimiyyətin avtoritar meyillərinin göstəricisi kimi qiymətləndirilir.
Army.az xəbər verir ki, bu fikirləri “Christian Solidarity International” (CSI) beynəlxalq təşkilatının prezidenti, doktor Con Aybner səsləndirib.
Onun qənaətinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Kilsə üzərində siyasi nəzarət qurmağa çalışır. Aybner hesab edir ki, hökumətin bu istiqamətdəki fəaliyyəti ölkədə demokratik idarəçilik prinsipləri ilə bağlı ciddi suallar yaradır.
Təşkilat rəhbəri vurğulayıb ki, hakimiyyət təkcə siyasi və ictimai strukturlara deyil, erməni cəmiyyətinin fundamental dayaqlarından sayılan Kilsəyə də nəzarət etmək niyyətindədir.
Aybnerin sözlərinə görə, Paşinyan dövlət idarəçiliyində hakimiyyət qolları arasında tarazlığı təmin edən mexanizmlərə kifayət qədər önəm vermir. O, Erməni Apostol Kilsəsinin də dövlət hakimiyyətinin qarşısında müəyyən institusional məhdudlaşdırıcı rol oynadığını və hazırkı vəziyyətin siyasi qarşıdurmaya çevrildiyini bildirib.
CSI prezidentinin fikrincə, Paşinyanın siyasəti Ermənistanın milli-dövlət kimliyi ilə bağlı da narahatlıqlar doğurur.
