Ukraynada yerüstü hərbi dronlar (NRK) üçün yerli istehsal rezin tırtılların hazırlanmasına başlanılıb. Əvvəllər bu hissələr yalnız xaricdən idxal edilirdi.
Army.az xəbər verir ki, bu barədə “Military” nəşri məlumat verib.
Bildirilib ki, əvvəllər şirkətlər tırtılları Çindən alırdı, lakin indi yerli podratçı tərəfindən yüksək keyfiyyətli analoq istehsal edilib və artıq üç müxtəlif tırtıllı modelə uyğunlaşdırılıb.
Ratel Robotics tərəfindən hazırlanmış “Nurse TB” adlı yerüstü dron bu tırtıl bazası üzərində işləyir. Yeni ukraynalı tırtılların da məhz bu platformada istifadə edilməsi planlaşdırılır.
Bu dron logistik vəzifələr üçün nəzərdə tutulub və 150 kq-a qədər yük daşıya bilir.
Rezin tırtıllar möhkəm vulkanlaşdırılmış rezin qarışığından hazırlanır, içərisində polad saplar və poliamid parça ilə gücləndirilmiş struktura malikdir.
Bu tip tırtıllar təkər əvəzinə davamlı hərəkət edən lent sistemi ilə işləyir və yerüstü dronların çətin relyefdə daha stabil hərəkət etməsini təmin edir.
Yerli istehsalın başlanması idxaldan asılılığı azaldır, təchizatı sürətləndirir və döyüş şəraitinə uyğunlaşdırmanı asanlaşdırır.
