ABŞ Norveçə planlaşdırılan silah tədarükündə mümkün gecikmələr barədə məlumat verib. Norveç xüsusilə hava hücumundan müdafiə üçün raketlər gözləyir.
Army.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin sözçüsü Braqe Berqlund məlumat yayıb.
Nazirlik gecikmələrin konkret hansı sahəni əhatə etdiyini açıqlamayıb.
“Norveç ABŞ hakimiyyətindən belə bir məlumat alıb ki, tədarüklərdə gecikmələr mümkündür. Eyni zamanda vurğulanır ki, hələlik heç bir yekun qərar verilməyib. Bu məsələ ilə bağlı ABŞ-la sıx və davamlı dialoq aparılır”, – deyə nazirlikdən bildirilib.
“Financial Times” yazır ki, Avropada ABŞ-ın bir neçə müttəfiqi də oxşar xəbərdarlıq alıb.
Norveçin Rusiya ilə sərhədinin olması səbəbindən bu məlumat xüsusi həssas hesab olunur.
Norveçin baş naziri Yonas Qar Störe bildirib ki, vəziyyət ABŞ-ın İranla müharibə zamanı “çox böyük həcmdə” hərbi texnikadan istifadə etməsindən sonra yaranıb:
“Hazırda bizim üçün kritik əhəmiyyət daşıyan heç bir tədarük təsirlənməyib. Bu daha çox digər ölkələrə aiddir”.
Bununla yanaşı, NATO üzrə Avropa müttəfiqlərinin gözlədiyi bəzi silah tədarüklərinin təxirə salındığı və ya ləğv edildiyi bildirilir. Baltik ölkələri bu barədə son günlərdə məlumatlandırılıb, digər Avropa dövlətlərinə isə bəzi silahların Yaxın Şərqə yönləndirildiyi bildirilib.
