Avstraliya Silahlı Qüvvələri ABŞ, Yaponiya, Kanada və Yeni Zelandiya hərbçiləri ilə birlikdə Sakit okean regionunda keçiriləcək genişmiqyaslı “Valiant Shield 26” təlimlərinə qatılacaq.
Army.az xəbər verir ki, bu barədə Avstraliyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya əsasən, təlimlər Yaponiya, Havay, Quam və Avstraliya ərazilərində keçiriləcək. Manevrlər zamanı iştirakçı ölkələrin qüvvələri dəniz, hava və quru əməliyyatları ilə yanaşı, kosmos və kiberməkanda yarana biləcək təhlükələrə qarşı koordinasiyalı fəaliyyət ssenarilərini məşq edəcəklər.
Təlim çərçivəsində hərbçilər vahid komandanlıq sistemi altında fəaliyyət göstərərək şərti hədəflərin aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar həyata keçirəcəklər.
Avstraliya təlimlərə “P-8 Poseidon” tipli sualtı qayıq əleyhinə patrul təyyarəsi, qərargah heyəti və hava məkanına nəzarət, hava-raketdən müdafiə sistemləri ilə inteqrasiya olunmuş hərbi personal göndərəcək. Bu addım müttəfiq ölkələr arasında operativ koordinasiyanın və birgə müdafiə imkanlarının gücləndirilməsinə xidmət edir.
