Ermənistanda Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri, polkovnik Edik Maloyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat verib.
Eyni cinayət işi çərçivəsində daha əvvəl dövlət sirrinə çıxışı olan Roman Cavadyan da məhkəmə qərarı ilə iki aylıq həbs edilmişdi.
Ermənistan İstintaq Komitəsi bildirib ki, aparılan istintaq zamanı Maloyanın dövlət sirri ilə tanış olmaq səlahiyyəti olmadığı halda, hərbi hissənin məxfilik rejiminə cavabdeh zabiti Roman Cavadyanı gizli xarakter daşıyan məlumatları ona açıqlamağa sövq etdiyi müəyyənləşdirilib.
İstintaq dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərlə bağlı araşdırmalar çərçivəsində davam etdirilir.
