Almaniyanın müdafiə naziri Boris Pistorius Kasseldə yerləşən “KNDS Deutschland” müəssisəsinə baş çəkərək şirkətin yeni nəsil hərbi texnika proqramları ilə tanış olub.
Army.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, müəssisədə əsas diqqət “Leopard 2A8” əsas döyüş tankının və RCH 155 özüyeriyən haubitsanın istehsalının genişləndirilməsinə yönəlib. Artan sifarişlər fonunda şirkət hər iki sistem üzrə istehsal imkanlarını artırır.
Səfər zamanı Pistoriusa “Leopard 2A8” tankları üçün qüllə sistemlərinin istehsal prosesi, eləcə də RCH 155 proqramının icra vəziyyəti barədə məlumat verilib.
KNDS-in Kassel zavodunda “Leopard 2A8” tanklarının və təkərli şassi üzərində yerləşdirilən RCH 155 haubitsalarının istehsalı sürətləndirilir. RCH 155 tam avtomatlaşdırılmış “Artillery Gun Module” artilleriya modulu ilə təchiz olunub. Şirkətin məlumatına görə, bu sistem öz sinfində texnoloji baxımdan fərqlənən imkanlara malikdir.
