Çin Xalq Azadlıq Ordusu sahilyanı müdafiə əməliyyatları çərçivəsində pilotsuz uçuş aparatları ilə dəstəklənən uzaqmənzilli raket-artilleriya zərbələrinin sınağını keçirib.
Army.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Məlumata görə, avqustun 6-da “China Military Online” tərəfindən yayımlanan görüntülərdə Çin Xalq Azadlıq Ordusunun 83-cü Qrup Ordusuna məxsus briqadanın PHL-03 300 mm çaplı reaktiv yaylım atəşi sistemi ilə hərəkətsiz dəniz hədəfinə qarşı təlim keçirdiyi əks olunub.
Təlim zamanı ön xətdə yerləşdirilən PUA-lar hədəfi müəyyənləşdirərək onun koordinatlarını komanda məntəqəsinə ötürüb. Daha sonra atəşə nəzarət bölməsi əldə olunan məlumatları emal edib və atəş tapşırığını raket-artilleriya bölməsinə göndərib.
İlk zərbədən dərhal sonra buraxılış qurğuları mümkün əks-zərbə riskini azaltmaq üçün mövqelərini dəyişib. Yeni əmr aldıqdan sonra isə ikinci dəfə atəş açıblar.
