Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində rəsmi müraciət prosesinə başlamağa hazırlaşır.
Army.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan parlamentdə hökumət proqramını təqdim edərkən bildirib ki, ölkə əvvəlcə Avropa İttifaqına üzvlük üçün rəsmi ərizə təqdim etməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işlərinə yaxın vaxtlarda start veriləcək.
Paşinyan qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi də məhz rəsmi müraciətdən sonrakı mərhələdə mümkün olacaq. Bunun üçün əvvəlcə İrəvanın müraciətinə Brüsselin reaksiyası alınmalı, daha sonra isə üzvlük prosesinin “yol xəritəsi” hazırlanmalıdır.
Ermənistan hökumətinin rəhbəri bildirib ki, Aİ-yə inteqrasiya uzunmüddətli və genişmiqyaslı hazırlıq tələb edən prosesdir. O, bu məsələdə ölkənin Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşlarının çağırışlarını da nəzərə aldıqlarını vurğulayıb.
