Slovakiyanın Baş naziri Robert Fitso səhhətində yaranan problemə görə sentyabrın 18-də Ukraynaya nəzərdə tutulan səfərini ləğv edib.
Army.az xəbər verir ki, bu barədə TASR məlumat yayıb.
Fitso daha əvvəl açıqlamışdı ki, cümə günü keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün Ukraynaya gedəcək. Səfər çərçivəsində onun Prezident Volodimir Zelenski ilə yanaşı, ölkənin yeni hökumət başçısı ilə də görüşləri planlaşdırılırdı.
Baş nazirin səfərdən imtina etməsindən sonra onu tədbirdə Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok əvəz edəcək.
