Yəməndə fəaliyyət göstərən husi hərəkatı Qırmızı dənizdə tətbiq etdiyi məhdudiyyətlərin gələcəkdə daha geniş əhatə dairəsinə malik ola biləcəyinə işarə edib.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda qruplaşma nümayəndəsi hazırda yalnız İsrail bayrağı altında üzən gəmilərə şamil olunan qadağanın regiondakı vəziyyətin gedişindən asılı olaraq digər ölkələrin gəmilərinə də tətbiq edilə biləcəyini bildirib.
Söhbət dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Bab-el-Mandeb boğazında hərəkətin məhdudlaşdırılması riskindən gedir. Husi tərəfi qeyd edib ki, mövcud tədbirlər İsrailin İrana qarşı hərbi əməliyyatlarının bərpasına cavab olaraq qəbul edilib və bunu “ilk addım” kimi qiymətləndirib.
Qruplaşma xəbərdarlıq edib ki, regionda eskalasiya davam edərsə, məhdudiyyətlər İsrailin müttəfiqləri hesab olunan ölkələrin bayraqları altında üzən gəmiləri də əhatə edə bilər.
