Ev Ekspert rəyiİran ABŞ-ı fakt qarşısında qoydu: Tramp Netanyahuya təzyiq edəcək?

İran ABŞ-ı fakt qarşısında qoydu: Tramp Netanyahuya təzyiq edəcək?

by Baş Redaktor
30 Baxış

İran ABŞ ilə danışıqların taleyini yenidən Livandakı vəziyyətlə əlaqələndirib. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, əgər İsrail Livan ərazisində hərbi əməliyyatları davam etdirərsə, Tehran Vaşinqtonla danışıqları dayandıra bilər.

Qalibafın sözlərinə görə, İsrailin Livana qarşı “təcavüzü” davam edəcəyi təqdirdə, İran təkcə danışıqlardan geri çəkilməyəcək, həm də “düşmənlə birbaşa toqquşmaya girəcək”. Qeyd edək ki, daha əvvəl də Livandakı gərginlik səbəbindən İranın ABŞ ilə danışıqları dayandırdığı bildirilmişdi.

Son vaxtlar Livan ətrafında diqqətçəkən proseslərin yaşandığı bir dövrdə rəsmi Tehranın sərt mesajları hansı nəticələrə səbəb ola bilər? Bu mövqe ABŞ-İran münasibətlərinə və regiondakı qüvvələr balansına necə təsir göstərə bilər?

Army.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İran daha əvvəl verdiyi açıqlamada ABŞ-la danışıqlar üçün bir şərtinin olduğunu bildirmişdi, bu da Livanda atəşkəsin əldə edilməsidir:

banner

“Bu, əslində məntiqli yanaşmadır. Birincisi, İran öz təhlükəsizliyindən narahatdır və Yaxın Şərqdə, xüsusilə Livan ətrafında baş verən proseslərə təsir imkanlarını qorumağa çalışır. Buna görə də Tehran regionda sabitliyin təmin olunmasında maraqlıdır.

İkincisi, bu, İsrailə qarşı təzyiq mexanizmi kimi çıxış edir və İran bu vasitədən istifadə etməyə çalışır. Üçüncüsü və bəlkə də ən vacibi, məsələ diplomatik münasibətlərlə bağlıdır. İran anlayır ki, ABŞ onunla dialoqu davam etdirmək istəyir. Eyni zamanda, ABŞ ilə İsrail arasında münasibətlər göründüyü qədər problemsiz deyil və tərəflər arasında müəyyən fikir ayrılıqları mövcuddur.

Kənan Novruzov

İran ABŞ-ı fakt qarşısında qoyur ki, əgər Vaşinqton Tehranla danışıqlara başlamaq istəyirsə, İsrailə nəzarət etməli, Livanda və ümumilikdə Yaxın Şərqdə sabitliyin qorunmasına çalışmalıdır. Əsas məsələ rəsmi Vaşinqtonun İranla danışıqlar naminə İsrailə təzyiq edib-etməyəcəyidir. Hesab edirəm ki, İran öz mövqeyində israrlı qalarsa, ABŞ İsrailə müəyyən təzyiqlər göstərə bilər. Çünki ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər heç də göründüyü qədər ideal deyil və müəyyən çatlar müşahidə olunur.

Məhz bu səbəbdən İran diplomatik imkanlardan fəal şəkildə yararlanmağa çalışır. Hazırkı vəziyyət göstərir ki, ABŞ və İran arasında müharibənin növbəti mərhələsinin başlaması ehtimalı getdikcə azalır”.

Əlaqəli Yazılar Xüsusi