Gürcüstan Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyinin tanınmasına, o cümlədən dolayı yolla belə, yol verməyəcək.
Army.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, Rusiya Xarici İşlər Nazirliyinin Tbilisinin güc tətbiq etməməsi ilə bağlı zəmanətlər verməsinə dair açıqlamasını şərh edib.
Kobaxidze Gürcüstanın işğal altında olan ərazilərində yaradılmış qurumlarla hər hansı sazişin imzalanması ehtimalını da rədd edib.
Baş nazir, həmçinin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndənin təyin edilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti müəyyən istiqamətlərdə təmasları genişləndirmək üçün əlavə kommunikasiya kanalının yaradılmasını zəruri hesab edir.
Kobaxidze bu mexanizmin xüsusilə münaqişənin dinc yolla həlli, ticarət-iqtisadi əməkdaşlıq və humanitar məsələlər üzrə fəal iş aparılmasına xidmət edəcəyini vurğulayıb.
