ABŞ prezidenti Donald Tramp İsrailin hazırkı mövcudluğunu öz prezidentliyi ilə əlaqələndirən yeni açıqlama ilə çıxış edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp mühafizəkar şərhçi Qlen Bekə müsahibəsində Barak Obama administrasiyası dövründə İranla imzalanmış nüvə sazişini kəskin tənqid edib. O, sözügedən razılaşmanı “tarixin ən təhlükəli sazişlərindən biri” kimi qiymətləndirib.
ABŞ liderinin iddiasına görə, həmin razılaşma İranın nüvə silahı əldə etməsinə imkan yarada bilərdi. Tramp belə bir vəziyyətdə Tehranın əldə etdiyi silahdan istifadə edəcəyini düşünür.
“İranın nüvə silahı olacaqdı və ondan istifadə edəcəkdi”, – deyə o bildirib.
Trampın sözlərinə görə, İranın nüvə silahına sahib olması İsrail üçün ağır nəticələrə səbəb ola bilərdi. O, belə bir ssenaridə İsrailin “tamamilə məhv ediləcəyini” deyib.
“Mən prezident olmasaydım, indi İsrail olmazdı. Buna zəmanət verilir”, – ABŞ prezidenti vurğulayıb.
