Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Army.az xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib və qloballaşma şəraitində milli dilimizin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Ulu öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Qloballaşan dünyada Azərbaycan dilinin qorunmasının vacibliyi Prezident İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də xüsusi vurğulanıb. Dövlətimizin başçısı dilimizin xarici təsirlərdən qorunmasının hər birimizin vəzifəsi olduğunu diqqətə çatdırıb: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən – istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm.
Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var”.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu, yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.
1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilib.
1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib.
1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub.
Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb.
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülüb.
Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub.
A.Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilib. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilib və tətbiq edilməyə başlayıb.
1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunub, 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb.
