Ev Ekspert rəyi11 sentyabr gizli dosyesi açılır? Trampdan gözlənilməz addım

11 sentyabr gizli dosyesi açılır? Trampdan gözlənilməz addım

by Baş Redaktor
34 Baxış

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr terror aktları ilə bağlı məxfi sənədlərin açıqlanması məsələsinə baxacağını bildirib. 11 sentyabr hadisələrindən illər keçməsinə baxmayaraq, terror aktlarının arxasında ABŞ-ın “dərin dövləti”nin və gizli xidmətlərinin dayandığına dair müxtəlif iddialar hələ də gündəmdədir.

Bəs həmin sənədlər açıqlanarsa, illərdir müzakirə olunan hansı suallara cavab tapılacaq?

Army.az-a danışan politoloq Turab Rzayev deyib ki, 11 sentyabrla bağlı məqamların açılması məsələsi dəfələrlə gündəmə gəlib:

“Ancaq hazırda bunu daha çox ictimai rəy tələb edir. Xüsusilə müəyyən sol və sağ qüvvələr bu məsələnin açılmasını tələb edirlər.

banner

Solda, xüsusilə sosialistlər və sosial-demokratlar burada dövlətin rolunun olduğunu düşünürlər. Sağ qüvvələr isə həm “dərin dövlət”in əlinin olduğunu, həm də xarici kəşfiyyat orqanlarının, xüsusilə İsrailin və MOSSAD-ın bu məsələdə rolunun olduğunu düşünürlər. Onlar da bunu qabardırlar.

Turab Rzayev

Bununla bağlı reaksiya verən siyasətçilər, vətəndaşlar və müxtəlif şəxslər bir sıra məsələləri gündəmə gətirirlər. Binanın konstruksiyası, binanın dağıdılması ilə bağlı məsələlər, eyni zamanda xarici xüsusi xidmət orqanlarının bu hadisədən əvvəlcədən əlinin olub-olmaması və bununla bağlı hər hansı məlumatların mövcudluğu məsələləri müzakirə olunur.

Ona görə də bu məsələdə Trampın mövqeyi də böyük maraq doğurur. Tramp Epstein fayllarını açdığı kimi, ola bilsin, ən azı müəyyən hissədə bu fayllardan nələrsə üzə çıxsın.

Əgər həqiqətən belədirsə, həmin fayllar yenə də İsraili və MOSSAD-ı birbaşa hədəf nöqtəsinə çevirə bilər. Tramp belə bir şey istəyəcəkmi?

Onun İsraillə, İsrail hökuməti ilə və yəhudi lobbisi ilə yaxın münasibətləri məlumdur”.

Politoloqun sözlərinə görə, Epstein fayllarının demək olar ki, çox az bir hissəsi açıqlanıb:

“Orada senzura da olub. Bu faylların böyük hissəsi yenə senzuraya məruz qala bilər. Yəni tam şəkildə açıqlanmış kimi görünsə də, eyni zamanda müəyyən informasiyalar gizlədilmiş ola bilər.

Ona görə də düşünürəm ki, Trampın bu məsələdə verdiyi sözlərin hələlik böyük əhəmiyyətini söz olaraq qiymətləndirməli və onun yenə də verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyini gözləməliyik.

Daha sonra, əgər istiqamət bəlli olarsa, hansı məsələlərin tam açıq şəkildə ortaya qoyulacağı, hansılarının isə gizlədiləcəyi maraqlı olacaq. Burada əsas məsələ yalnız beynəlxalq şok effekti deyil.

Məsələn, təkcə İsraillə bağlı deyil, eyni zamanda Səudiyyə Ərəbistanı vətəndaşlarının buradakı rolu ilə bağlı da məsələlər var. Səudiyyə Ərəbistanı vətəndaşları hansı şəkildə iştirak ediblər? Bununla bağlı müəyyən suallar mövcuddur.

Obama administrasiyası dövründə, daha sonra isə Bayden administrasiyası zamanı da bu məsələlərlə bağlı müəyyən açıqlamalar verilib. Ola bilsin, həmin fayllarda Səudiyyə Ərəbistanı ilə bağlı müəyyən məqamlar da var və Səudiyyə Ərəbistanına qarşı təzyiq vasitəsi kimi istifadə oluna biləcək məlumatlar ortaya çıxa bilər.

Son dövrlərdə xüsusilə Səudiyyə Ərəbistanının geosiyasi maraqlarının aktivləşdiyini nəzərə alsaq, həmçinin Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərin müəyyən dövrdə gərginləşdiyini, daha sonra isə yenidən yaxınlaşdığını nəzərə alsaq, belə bir situasiyada həmin faylların Səudiyyə Ərəbistanına da müəyyən mesaj xarakteri daşıması mümkündür”.

Əlaqəli Yazılar Xüsusi