Ukraynanın Finlandiyadakı səfirliyi Belarus milli komandasının Helsinkidə futbol matçında iştirak etməsi ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyinə diplomatik nota göndərib.
Army.az xəbər verir ki, bu barədə Finlandiya mətbuatı məlumat yayıb.
Finlandiya milli komandası sentyabrın 29-da Millətlər Liqası çərçivəsində Belarus yığmasını Helsinkidəki “Olimpiya” stadionunda qəbul edəcək.
Finlandiya Futbol Assosiasiyası əvvəlcə Belarusla ev qarşılaşmasının neytral məkanda keçirilməsini planlaşdırsa da, daha sonra matçın Helsinkidə təşkili barədə qərar verib. Qurum bu addımı Beynəlxalq Olimpiya Komitəsinin belaruslu idmançıların müəyyən şərtlərlə beynəlxalq yarışlarda iştirakına imkan verən mövqeyi ilə əlaqələndirib.
Assosiasiya qərarını əsaslandırarkən digər ölkələrin təcrübəsinə də istinad edib. Belə ki, əvvəlki dünya çempionatı seçmə mərhələsində Belarus yığması ev oyunlarını Danimarka, Şotlandiya və Yunanıstana qarşı bu ölkələrin meydanlarında keçirib.
