Erməni siyasi şərhçi Hakob Badalyan Ermənistanın baş naziri Nikol Paşinyanın İran prezidenti Məsud Pezeşkianla Nyu-Yorkda keçirdiyi görüşü şərh edib.
Army.az xəbər verir ki, Badalyan bu barədə Telegram kanalında yazıb.
Bildirib ki, BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşlə bağlı yayılan rəsmi məlumat kifayət qədər qısa və soyuq tonda olub. O, bunun Ermənistan-İran münasibətlərində mövcud olan müəyyən problemlərlə bağlı ola biləcəyini ehtimal edib:
“Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti zamanı Paşinyan Pezeşkianla görüşməyib. İki qonşu ölkənin münasibətləri baxımından bu detal diqqət çəkir. Görüş İran tərəfinin təşəbbüsü ilə baş tutmuş ola bilər. Digər versiyaya görə isə İrəvan Bişkek görüşündən sonra Tehranın narazılığı barədə müəyyən siqnallar alaraq münasibətləri yumşaltmağa çalışıb”.
Şərhçi başqa bir ehtimalı da diqqətə çatdırıb:
“Pezeşkianla görüş Ermənistan və Türkiyə liderləri arasında mümkün təmas fonunda yaranacaq diplomatik balanssızlığın qarşısını almaq məqsədi daşıya bilərdi. Yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirilməsi, İran prezidentilə isə təmasın olmaması İrəvanın Tehranla yüksək səviyyəli dialoq üçün mühüm imkanlardan birini istifadə etməməsi kimi görünə bilərdi”.
