Ermənistan “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsinin həyata keçirilməsi zamanı gömrük sahəsində bütün suveren səlahiyyətlərini özündə saxlayacaq.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan jurnalistlərə açıqlamasında bildirib.
Brifinq zamanı ona layihə çərçivəsində yükdaşımaların xüsusi operator vasitəsilə həyata keçirilməsinin səbəbləri və belə mexanizmin Ermənistanın suverenliyinə mümkün təsiri barədə sual ünvanlanıb.
Akopyan izah edib ki, daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı şübhəli hallar müəyyənləşdirilərsə və əlavə yoxlamaya ehtiyac yaranarsa, müvafiq qərarı yalnız Ermənistanın gömrük əməkdaşı verə bilər. Xarici operatorun bu məsələdə qərar qəbul etmək səlahiyyəti olmayacaq.
Komitə rəhbəri, həmçinin bildirib ki, xüsusi operatorun fəaliyyət istiqamətləri və səlahiyyətlərinin konkret çərçivəsi hələ tam müəyyənləşdirilməyib. Bu məsələlər tərəflər arasında aparılan müzakirələrdən sonra müvafiq razılaşma və sənədlərlə rəsmiləşdiriləcək.
Beləliklə, Ermənistan tərəfinin açıqlamasına görə, TRIPP çərçivəsində xüsusi operatorun cəlb edilməsi ölkənin gömrük nəzarəti və qərarvermə səlahiyyətlərinin ona ötürülməsi demək olmayacaq.
