Türkiyə 2035-ci ilin sonunadək Hərbi Hava Qüvvələrinin arsenalına yerli istehsal olan 100 ədəd KAAN qırıcısı daxil etməyi planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər açıqlama verib.
Onun sözlərinə görə, 2030-cu ilin sonunadək 20 belə təyyarənin, 2035-ci ilin sonunadək isə ümumilikdə 100 qırıcının silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.
Gülər bildirib ki, yerli istehsal olan qırıcıların tələb olunan sayına çatana qədər Türkiyə xarici istehsal təyyarələrin alınmasını da davam etdirəcək.
Nazirin sözlərinə görə, ABŞ ilə Türkiyə üçün istehsal edilmiş 6 ədəd F-35 qırıcısının tədarükü barədə danışıqlar aparılır. Eyni zamanda, F-16 Block 70 təyyarələrinin alınması proqramı da davam etdirilir.
Bundan başqa, Türkiyənin Böyük Britaniyadan 20 ədəd Eurofighter Typhoon qırıcısı və 12 ədəd C-130J hərbi-nəqliyyat təyyarəsi alması planlaşdırılır. İlk iki C-130J təyyarəsinin 2026-cı ilin sonunadək təhvil alınacağı gözlənilir.
