Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, Ermənistandan idxal edilən məhsulların əvəzlənməsi Moskva üçün ciddi problem yaratmayacaq.
Army.az xəbər verir ki, nazirin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün təkcə əsas ixrac bazarı deyil, həm də ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan resursların əsas mənbəyidir.
Reşetnikov qeyd edib ki, Ermənistanın Rusiya və digər Aİİ ölkələrinə ixrac etdiyi məhsulların həcmi kritik səviyyədə deyil.
“Bu səbəbdən Rusiya Ermənistandan idxal olunan malları ciddi çətinlik çəkmədən əvəz edə bilər”, – deyə nazir bildirib.
O, həmçinin qaz tədarükü məsələsinə də toxunaraq vurğulayıb ki, Rusiya tərəfi Ermənistanın Aİİ məkanından kənarda eyni dərəcədə sərfəli şərtlərlə enerji resursları əldə edə biləcəyinə şübhə ilə yanaşır.
