Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə yeni desant-hücum briqadası formalaşdırır.
Army.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç “VoenTV” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni briqadanın tərkibində artıq bir batalyon yaradılıb.
İlyukeviç qeyd edib ki, 2026-cı il ərzində daha bir batalyonun, həmçinin döyüş təminatı, artilleriya, zenit-raket və kəşfiyyat bölmələrinin formalaşdırılması planlaşdırılır.
Məlumata əsasən, yeni hərbi birləşmə Qomel şəhəri yaxınlığında, Ukrayna sərhədindən təxminən 40 kilometr məsafədə yerləşdiriləcək.
Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xrenin iyul ayında Ukrayna ilə sərhəddə istehkamların tikilməsi barədə yayılan məlumatları təkzib etmişdi.
