Ev SiyasətAzərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü 

Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü 

by Baş Redaktor
9 Baxış

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.

Army.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan-İsveçrə ikitərəfli gündəliyini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini, habelə post-münaqişə dövründə vəziyyət və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.

2027-ci ildə Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət yaratdığı qeyd olunub.

banner

Tərəflər Xarici İşlər Nazirlikləri arasında yüksək səviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələrdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu kontekstdə SOCAR-ın İsveçrədə fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.

Nazirlər, həmçinin xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri qismində müəyyən etdiyi prioritetlərə diqqət yetirilib. Azərbaycan tərəfi sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə verdiyi önəmi alqışlayaraq, müasir çağırışların aradan qaldırılmasında bu istiqamətlərin əhəmiyyətini vurğulayıb.

Həmçinin ölkəmizdə mövcud olan mina problemi xüsusi vurğulanıb və ATƏT-in, xüsusilə də üzv ölkələrin minatəmizlə sahəsində Azərbaycana verə biləcəyi töhfə müzakirə olunub.

Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmkarını sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb.

Görüşdə həmçinin bir sıra digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Əlaqəli Yazılar Xüsusi