“ABŞ Prezidenti Donald Trampın İranın həyati əhəmiyyətli infrastrukturuna güclü zərbələr endirmək barədə dəfələrlə verdiyi və daha sonra ləğv etdiyi vədlərlə bağlı məlumatların və informasiya sızmalarının təhlilindən aydın olur ki, hazırda İranı “itaətə məcbur etmək” üçün heç bir real üstünlük mövcud deyil”.
Army.az xəbər verir ki, bunu İranşünas Vardan Voskan deyib.
Onun sözlərinə görə, mütəmadi olaraq başlayıb səngiyən bu silahlı qarşıdurmada İranın strategiyası kifayət qədər aydındır:
“Bu strategiya müharibəni istənilən qiymətə dayandırmağa deyil, coğrafi və digər asimmetrik üstünlüklərdən istifadə edərək daha güclü rəqibi geri dönüşü olmayan şəkildə zəiflətməyə yönəlib.
Bununla yanaşı, İran tərəfi bu strategiyanın yekun məqsədləri kimi ritorika səviyyəsində iki əsas hədəfi də açıqlayır: İranın Hörmüz boğazına tam nəzarətinin tanınması və Fars körfəzi regionunda ABŞ-ın hərbi mövcudluğunun mümkün qədər məhdudlaşdırılması, ən yaxşı halda isə tamamilə aradan qaldırılması.
Bu baxımdan, Tehran üçün qalan bütün məsələlər bu iki əsas məqsəddən asılıdır. Çünki Hörmüz boğazına nəzarət və ABŞ hərbi qüvvələrinin bölgədə olmaması şəraitində İran Fars körfəzinin, məcazi mənada, yeganə sahibi olacaq və bundan irəli gələn böyük üstünlüklər əldə edəcək”.
