“Prezident Donald Tramp köhnə siyasətinə qayıtmağa – ABŞ-ın 16 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumların qüvvədə olan tariflərin üzərinə əlavə edilməsini təklif edəcək. Bu addım fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi tariflərin bir hissəsini əvəz etməyə yönəlib”.
Army.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, yeni tariflərin hər bir ölkə üzrə fərdi qaydada müəyyənləşdirilməsi nəzərdə tutulur:
“Hədəf ölkələr sırasında Çin də var. İki ölkə liderləri arasında intensiv dialoqa baxmayaraq, Vaşinqton Pekinin ixrac imkanlarını genişləndirməsindən narahatdır. Xüsusilə Çin istehsalı olan elektrik avtomobillərinin, məişət texnikasının və günəş panellərinin dünya bazarında mövqelərini gücləndirməsi ABŞ administrasiyasını ciddi şəkildə düşündürür. Bununla belə, ABŞ və Çin arasında gömrük rüsumlarının artırılmamasını nəzərdə tutan ticarət atəşkəsi yanvarın 10-dək qüvvədə qalır. Atəşkəsin müddəti uzadılarsa, Çin məhsullarına tətbiq edilən rüsumların 20 faiz səviyyəsində saxlanılması gözlənilir.

ABŞ-ın hədəf ölkələr siyahısında yer alan Kanada və Hindistan isə öz aralarında ticarət sazişi imzalamağa hazırlaşırlar. “Bloomberg” agentliyinin məlumatına görə, sazişin bu ilin sonunadək imzalanması nəzərdə tutulur. ABŞ və Kanada arasında ticarət danışıqları isə hələlik nəticəsiz qalıb. Tərəflər arasında fikir ayrılıqları aradan qaldırılmayıb. Rusiya neftini aldığına görə Hindistan da Vaşinqtonun təzyiqləri ilə üzləşib. Belə bir şəraitdə Kanada və Hindistan qarşılıqlı əməkdaşlığı gücləndirmək qərarına gəliblər.
Uran ehtiyatlarına görə dünyanın aparıcı ölkələrindən biri olan Kanada bu potensialından istifadə edərək Hindistanda atom energetikasının inkişafında iştirak etmək niyyətindədir. Bundan başqa, iki ölkə müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Tramp administrasiyasının müttəfiqləri olan Yaponiya və Cənubi Koreya da yeni gömrük rüsumlarının tətbiqi təhlükəsi ilə üzləşiblər. Məlumatlara görə, Vaşinqton bu ölkələrin məhsullarına tətbiq edilən tarifləri də artırmağı nəzərdən keçirir.
Tramp Çində keçirilən sammitdən qayıdarkən Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb. Söhbət zamanı iqtisadi münasibətlər müzakirə olunmayıb. ABŞ prezidenti yaponiyalı həmkarına Rusiya və Çin liderləri ilə mümkün üçtərəfli görüşün təfərrüatları barədə məlumat verib. Bu mövzu, şübhəsiz ki, Tokio üçün də əhəmiyyətlidir. Bununla belə, Yaponiya Vaşinqtonun tətbiq etməyə hazırlaşdığı yeni gömrük rüsumlarından narahatdır”.
