Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunduğunu açıqlayıb.
Army.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paşinyan bildirib ki, sənədlə tanış olmaq və təkliflər göndərmək istəyən vətəndaşlar üçün xüsusi internet platforması yaradılıb.
Paşinyanın sözlərinə görə, sayt yeni Konstitusiya layihəsinin hər kəs tərəfindən rahat şəkildə oxunması, eləcə də sənədlə bağlı fikir və təkliflərin təqdim edilməsi məqsədi daşıyır.
Paşinyan paylaşımını “Bu, sənin Konstitusiyandır!” şüarı ilə yekunlaşdırıb.
Ermənistan mediasının yaydığı məlumata görə, sənədin diqqətçəkən məqamlarından biri Müstəqillik Bəyannaməsinə istinadın layihədən çıxarılmasıdır.
Beləliklə, yeni Konstitusiya layihəsinin mətnində ölkənin Müstəqillik Bəyannaməsinə hər hansı istinad nəzərdə tutulmayıb.
