Ermənistanda hazırlanmış yeni Konstitusiya layihəsində prezident institutunun funksiyalarının genişləndirilməsi və dövlət hakimiyyəti orqanları arasında əlaqələndirici rolunun gücləndirilməsi nəzərdə tutulur.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Sənəddə dövlət başçısının əsas vəzifələrindən biri Konstitusiya və qanunların icrasına, dövlət qurumlarının fasiləsiz fəaliyyətinə, eləcə də onların qarşılıqlı əməkdaşlığına şərait yaratmaq olacaq.
Layihəyə əsasən, prezident hakimiyyət qolları arasında tarazlığın qorunmasına və dövlət qurumları arasında yarana biləcək fikir ayrılıqlarının həllinə dəstək verməlidir.
Bununla belə, Ermənistanın parlament idarəetmə modeli saxlanılır. Yəni prezident hökumətin səlahiyyətlərini öz üzərinə götürməyəcək, əsasən dövlət institutlarının uzlaşdırılmış fəaliyyətinə töhfə verən fiqur kimi çıxış edəcək.
Yeni layihədə prezidentliyə namizədlər üçün müəyyən edilən şərtlər də yenilənib. Belə ki, prezident seçilmək istəyən şəxsin ən azı 35 yaşı olmalı, Ermənistan vətəndaşı olmalı və ölkədə son beş il ərzində daimi yaşamış olmalıdır.
Sənəddə prezidentin məhkəmə hakimiyyəti ilə bağlı funksiyaları da müəyyənləşdirilib. Dövlət başçısı Ali Məhkəmə Şurasının iclaslarını çağırmaq səlahiyyətinə malik olacaq. Lakin həmin iclaslarda səsvermə hüququndan istifadə edə və şura üzvlərinə məcburi göstərişlər verə bilməyəcək.
