Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə imkanını istisna etmədiklərini bildirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini qorumaq üçün nüvə arsenalı da daxil olmaqla, malik olduğu bütün vasitələrdən istifadə edə bilər:
“Ukrayna ilə müharibə başlayandan bəri nüvə silahına əl atmağa ehtiyac yaranmayıb. Bununla belə, Ukrayna və Qərb ölkələrinin addımları belə bir qərarın qəbul edilməsi üçün formal zəmin yaradıb”.
Rusiya rəsmisi xüsusilə Qərbin Ukraynaya nüvə silahı ötürməsi ehtimalını ön plana çəkib:
“Kiyevə bu cür silahların gizli və ya açıq şəkildə verilməsi Moskvanın qabaqlayıcı nüvə zərbəsi endirməsi ilə nəticələnə bilər”.
Medvedev Rusiyanın nüvə silahından istifadə qaydalarının hüquqi sənədlərlə müəyyənləşdirildiyini də vurğulayıb. Onun iddiasına görə, sadaladığı ssenarilər reallaşarsa, prezident Vladimir Putin nüvə silahından istifadə etmək hüququna malik olmaqla yanaşı, bunu etmək öhdəliyi də daşıyacaq.
