Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsinin və Qara dənizdə sərbəst gəmiçiliyin qorunmasının vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, Kallas bu fikirləri Strasburqda Avropa Parlamentində çıxışı zamanı səsləndirib.
Aİ rəsmisi Rusiyanın Ukraynada döyüş meydanında üstünlük əldə edə bilmədiyini iddia edib. Onun sözlərinə görə, Moskva bunun əvəzinə mülki əhalini hədəf alır və Avropanın müxtəlif bölgələrində hibrid hücumların miqyasını genişləndirir. Kallas Qara dənizdə hücumların artmasının da ciddi narahatlıq doğurduğunu bildirib.
O, son dövrlərdə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Aİ üzvü olan ölkələrin hava məkanında qeydə alınmasını, eləcə də Rumıniya sahilləri yaxınlığında mülki tankerlərə qarşı hücumları təhlükəli eskalasiya kimi qiymətləndirib. Kallas bu cür hadisələrin qəbuledilməz olduğunu vurğulayıb.
