Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ABŞ ilə mümkün danışıqlarda istifadə olunması üçün həbsdə saxlanılan şəxslərdən ibarət xüsusi “mübadilə fondu” yaradılması ilə bağlı iddiaları əsassız adlandırıb.
Army.az xəbər verir ki, bu barədə Lukaşenko məhkəmə sisteminin nümayəndələri ilə keçirdiyi müşavirədə danışıb.
Prezidentin bildirdiyinə görə, xaricdəki Belarus müxalifəti hakimiyyətin Vaşinqtonla danışıqlarda əlini gücləndirmək məqsədilə yeni həbslərə əl atdığı barədə məlumatlar yayır.
Lukaşenko qeyd edib ki, amerikalı tərəfdaşları da sözügedən məsələni onunla müzakirə ediblər. O isə bu iddialara sərt reaksiya verdiyini bildirib:
“Amerikalılar bu məsələni mənim qarşımda qaldırdılar. Mən isə onlara çox sərt cavab verdim: Qanunu pozan həbsdə olacaq”.
Belarus lideri çıxışında 2020-ci il prezident seçkilərindən sonra ölkədə baş verən kütləvi etirazların yenidən təkrarlanmasına imkan verməyəcəyini də bəyan edib.
Onun sözlərinə görə, ölkədə sabitliyin pozulması ağır nəticələrə, o cümlədən vətəndaş müharibəsinə səbəb ola bilər.
“Ölkənin dağıdılmasına yol verə bilmərik. Hakimiyyəti, ilk növbədə məni tənqid edə bilərsiniz. Amma bunu inqilabi yolla etməməliyik. Çünki bu, ən dəhşətli nəticəyə – vətəndaş müharibəsinə gətirib çıxara bilər”, – deyə Lukaşenko vurğulayıb.
