Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ikitərəfli görüş keçirilib.
Army.az-ın məlumatına görə, danışıqlar zamanı Moskva ilə Pekin arasındakı iqtisadi və turizm əməkdaşlığı, Asiya-Sakit okean regionunda qarşılıqlı fəaliyyət, eləcə də yeni çoxqütblü dünya sisteminin formalaşması məsələləri diqqət mərkəzində olub.
Görüşdə çıxış edən Putin Rusiya və Çinin beynəlxalq münasibətlər sistemində daha ədalətli və çoxqütblü modelin qurulmasını dəstəklədiyini qeyd edib. O bildirib ki, tərəflər regionda sabitliyin və iqtisadi rifahın möhkəmləndirilməsində ortaq maraqlara malikdirlər.
Rusiya lideri 2026-cı il ərzində iki ölkə arasındakı ticarət həcminin yüksələcəyinə dair gözləntilərini də ifadə edib. Onun sözlərinə görə, Çin tərəfindən vizasız gediş-gəliş imkanının yaradılması Rusiya vətəndaşlarının Çinə, eləcə də əks istiqamətdə turist səfərlərinin intensivləşməsinə müsbət təsir göstərib.
Si Cinpin də öz növbəsində Moskva ilə Pekin arasındakı tərəfdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib. Çin lideri beynəlxalq mühitdə baş verən dəyişikliklərə baxmayaraq, ikitərəfli münasibətlərin dayanıqlı xarakter daşıdığını vurğulayıb. O, Çinin Asiya-Sakit okean regionunun inkişafı və rifahı naminə Rusiya ilə birgə fəaliyyətini davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
