Rumıniyanın Ukrayna ilə sərhədə yaxın Lunçavişa kəndi ətrafında naməlum mənşəli pilotsuz uçuş aparatı yerə düşüb.
Army.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, insident Ukrayna sərhədindən təxminən 5 kilometr məsafədə baş verib.
Məlumata əsasən, PUA meşəlik əraziyə düşüb. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.
Diqqətçəkən məqam isə pilotsuz aparatın Rumıniya ordusunun radar-müşahidə sistemləri tərəfindən əvvəlcədən aşkar edilməməsidir. Nazirlik dronun aşağı hündürlükdə uçduğunu qeyd edib.
Hazırda pilotsuz uçuş aparatının mənşəyi və Rumıniya ərazisinə hansı şəraitdə daxil olduğu ilə bağlı araşdırma aparılır.
