Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) tanınmış aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma Toro krallığının yeni hökmdarı elan olunub.
Army.az xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.
Edvard Rukidi Kidzananqoma Toro Vərəsəlik Komitəsinin qərarı ilə krallığın taxtına gətirilib. O, avqustun 27-də 34 yaşında dünyasını dəyişən kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin varisi olub.
Mərhum hökmdar 1992-ci il aprelin 16-da anadan olmuşdu. Atası III Patrik Devid Metyu Kaboyo Oliminin vəfatından sonra Oyo 1995-ci ildə, cəmi üç yaşında Toro kralı elan edilmişdi. Bununla da o, dünyada taxta çıxan ən gənc monarx kimi tarixə düşmüşdü.
Uqandada bir neçə ənənəvi krallıq dövlət tərəfindən rəsmi şəkildə tanınır. Bu monarxların ölkənin siyasi və dövlət idarəçiliyində səlahiyyətləri olmasa da, onlar cəmiyyət və mədəniyyət sahəsində mühüm nüfuza malikdirlər.
