Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) Partiyasının Bundestaqdakı fraksiyası Kansler Fridrix Merzin partiya ilə bağlı açıqlamalarına görə polisə müraciət edib.
Army.az xəbər verir ki, bu barədə AfD fraksiyası “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Fraksiyanın açıqlamasına əsasən, şikayət Merzin Bundestaqda dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərlə əlaqədardır. Kansler çıxışında remiqrasiya siyasətindən danışarkən AfD fraksiyasını dəri rəngi və mənşə əsasında “etnik təmizləmədən başqa bir şey olmayan” siyasəti dəstəkləməkdə ittiham edib.
AfD fraksiyasının katibi Ştefan Brandner Merzin bu ifadələrlə siyasi mübahisədə qəbul edilən sərhədləri keçdiyini bildirib. Onun sözlərinə görə, kanslerin açıqlamaları artıq hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.
