“Ermənistan bu günədək Rusiya nə diktə edibsə, onu edib”.
Army.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sasun Mikaelyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“2020-ci ildən bu günə qədər sərhədlərin delimitasiyasına nail olmaq üçün əlimizdən gələni edirik. Dövlət sərhədləri olmadan beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanına bilərikmi? 35 ildir müstəqil olduğumuzu deyirik, bəs dövlət sərhədimiz varmı? Ötən illər ərzində başqa dövlət (Rusiya) nə diktə edibsə, onu etmişik.
Bu gün dövlət sərhədimiz varmı? Əsgərlərimiz delimitasiyanın aparılmalı olduğu ərazilərdə dayanıb. Bunu talançılıqla məşğul olmaq əvəzinə keçmiş hakimiyyətlər etməli idilər”, – deyə Mikaelyan bildirib.
Deputat bir daha vurğulayıb ki, Ermənistanın 35 illik müstəqilliyi dövründə dövlət sərhədi olmayıb.
“Tanrının izni ilə dövlət sərhədlərimiz olacaq və tamamilə müstəqil olacağıq”, – deyə Mikaelyan əlavə edib.
