Sentyabrın 24-də Ermənistanın Sisyan şəhərində hərbçinin ölümü ilə nəticələnən hadisə baş verib. İlkin versiyaya əsasən, hərbçilər arasında yaranan mübahisə zamanı qumbaranın partlaması nəticəsində bir hərbçi həyatını itirib.
Army.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ölən hərbçi 2022-ci ildən etibarən müqaviləli əsasda hərbi xidmət keçib.
“Hraparak”ın yazdığına görə, hadisədən əvvəl hərbçilər arasında maliyyə məsələləri zəminində mübahisə yaranıb. Hadisədən sonra isə ordudakı mənbəyə istinad edən nəşr hərbçilərdən kredit öhdəlikləri barədə ətraflı məlumat təqdim etmələrinin tələb olunduğunu bildirib.
Qəzet bu addımın orduda baş verən bu tip hadisələrin mümkün səbəblərinin araşdırılması ilə əlaqələndirildiyini qeyd edib.
Məlumata əsasən, hərbçilərin bir qismi sözügedən tələbdən narazı qalıb. Onların fikrincə, Müdafiə Nazirliyinin şəxsi maliyyə məlumatlarını tələb etməsi şəxsi həyata müdaxilə və maliyyə sirrinin pozulması ilə bağlı suallar yaradır.
