Ukrayna ABŞ-dan “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə razılıq verilməsini təsdiqləyən sənədi təxminən bir aydır gözləyir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın müdafiə naziri, Silahlı Qüvvələrin baş komandanı və xarici işlər naziri hava hücumundan müdafiə sistemləri, xüsusilə də “Patriot” kompleksləri üçün ələkeçirici raketlərin təminatı ilə bağlı vəziyyət barədə məruzə ediblər.
Zelenski bildirib ki, Kiyev bu istiqamətdə ABŞ, Avropa ölkələri və PAC-2, PAC-3 raket ehtiyatlarına malik digər tərəfdaşlarla danışıqlar aparır.
“Xüsusilə, ‘Patriot’ və NASAMS raketləri ilə bağlı cənab Heqsetin imzasını artıq təxminən bir aydır gözləyirik. Bu məsələni ABŞ tərəfi ilə yenidən müzakirə etməyi tapşırdım. Digər ölkələrlə də danışıqlar davam edir”, – deyə Ukrayna Prezidenti qeyd edib.
